“Sabah” basketbol komandasının baş məşqçisi Lazar Spasiç klubun mətbuat xidmətinə açıqlama verib.

Mütəxəssis FIBA Çempionlar Lİqasının əsas mərhələsində “A” qrupundakı rəqiblər haqqında danışıb:

“Püşkatmanın nəticəsindən razı qaldığımı deyə bilmərəm. Düşünürəm ki, bu dəfə bəxtimiz gətirmədi. Açığı, sonuncu səbətdə yer alan Bilbao və Trabzon təmsilçiləri kimi güclü rəqiblərlə qarşılaşmaq istəməzdik. “Trabzonspor” artıq öz gücünü təsdiqləmiş və turnirin sürpriz komandalarından birinə çevrilmiş kollektivdir. Onların böyük büdcəyə malik olduğunu və turnirin ən güclü komandaları sırasında yer aldığını düşünürəm. “Nanter 92” də çox güclü çempionatda çıxış edən ciddi rəqibdir. Onlar ölkə çempionatını ilk “üçlük”də başa vurublar. “Ritas” isə ötən mövsümün çempionudur”.

L.Spasiç bildirib ki, bütün bunlara baxmayaraq, təslim olmaq fikrində deyillər:

“Bəli, kağız üzərində qrupun autsayderi hesab oluna bilərik, amma hər oyunda əlimizdən gələni edərək, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bu mövsüm yaxşı nəticələr qazana biləcəyik”.