İlk növbədə təbriklərinizə görə təşəkkür edirəm. Bu, mənim üçün xüsusi gecədir, çünki karyeramda ilk dəfə Çempionlar Liqasında qələbə qazandım. Buna görə oyunçularıma və məşqçi heyətimə minnətdaram. Xüsusilə son iki-üç həftədə çox çətin dövr keçirdiyimiz üçün bu qələbənin əhəmiyyəti böyükdür.
Avqustun ortalarında bura gələndən bəri bütün hazırlığımızı Çempionlar Liqasındakı ilk oyuna yönəltmişdik. Keçmişdə baş verənlər daha sürətli inkişaf etməyimizə, irəliləməyimizə və bu klubda, bu ölkədə böyük hədəflərə çatmaq üçün nə etməli olduğumuzu anlamağımıza kömək etdi. Bu, bizim üçün çox çətin oyun idi. Üzərimizdə böyük təzyiq var idi, çünki bu qarşılaşmanın nə qədər vacib olduğunu yaxşı bilirdik. Sözün əsl mənasında, bizim üçün hər şeyin həll olunduğu bir oyun idi. Bir neçə gün əvvəlki məğlubiyyətdən sonra vəziyyətdən çıxmaq və hansı istiqamətdə irəliləməli olduğumuzu müəyyənləşdirmək çətin idi. Bəzi dəyişikliklər etdik, oyun planımızda müəyyən düzəlişlərə getdik və çox danışdıq. Yaxşı yatmadığımız, çox işlədiyimiz günlər oldu. Komandanı və oyunçularımızı bu matça hazırlamaq üçün əlimizdən gələni etdik.
“Sabah” gənc klubdur və burada özünəməxsus basketbol mədəniyyəti formalaşdırmaq istəyirik. Oyunçu seçimimiz, oyun üslubumuz və Azərbaycan basketbolunu necə təmsil etməyimizlə Avropada tanınmaq niyyətindəyik.
