Baş məşqçimiz Lazar Spasiçin FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə “A” qrupunun 2-ci turunda “Trabzonspor”la oyundan sonra fikirləri:

“İlk növbədə, “Trabzonspor”u qələbə münasibətilə təbrik edirəm. Oyunun ilk 7-8 dəqiqəsində rəqibin 16:9 hesablı üstünlüyünü 29:9-a çatdırdığı hissə bizim üçün həlledici oldu. Bundan sonra oyuna qayıtmaq və istədiyimiz basketbolu nümayiş etdirmək xeyli çətinləşdi.

Oyuna niyə bu cür başladığımızı bilmirəm. Sanki rəqibə həddindən artıq hörmətlə yanaşdıq və müdafiədə lazımi səviyyədə çıxış etmədik. Qarşımızda hücum potensialı yüksək olan komandanın dayandığını bilirdik. Belə bir rəqibi səfərdə məğlub etmək istəyiriksə, ilk növbədə, “pik-end-roll” kombinasiyalarına və təkbətək mübarizələrə nəzarət etməliyik.

Təəssüf ki, biz nə bu kombinasiyalara qarşı müdafiədə, nə də fərdi mübarizələrdə istənilən səviyyədə çıxış edə bildik. Məğlubiyyətimizin əsas səbəbi də məhz bu oldu.

Bundan sonra hücumda da oyun intizamımız pozuldu, qərar verməkdə çətinlik çəkdik.

Hesab fərqini azaltmağa çalışdığımız məqamlarda “Trabzonspor” təcrübəsini ortaya qoydu. Rəqib basketbolçular çətin vəziyyətlərdən dəqiq atışlar etdilər və xal qazanmağın yollarını tapdılar. Biz isə oyunda dönüş yaratmaq üçün lazımi həll yollarını tapa bilmədik.

İndi geri qayıtmalı, oyunumuzu təhlil etməli, səhvlərimiz üzərində işləməli və “Nanterre” ilə növbəti qarşılaşmaya hazırlaşmalıyıq.

FIBA Basketbol Çempionlar Liqasının “A” qrupu turnirin ən güclü qruplarından biridir, bəlkə də ən güclüsüdür. Püşkatmada bəxtimizin gətirdiyini söyləmək olmaz. Bununla belə, hələ cəmi iki oyun keçirmişik və nəzərə almaq lazımdır ki, hər iki qarşılaşmanı səfərdə oynamışıq.

Qarşıdakı ev oyunlarında uğurlu nəticələr qazanmalıyıq. Bundan sonra vəziyyətin necə inkişaf edəcəyini görəcəyik”.